Tuesday, 28 April 2015

Qəndil xalanın hekayəti

Aprelin 23-də bacım bizdə olanda özünə dair ədəbiyyat kitablarını axtarırdı. Təsadüfən əlinə "Qəndil xalanın hekayəti" adlı kitab keçdi. Mənə gətirib : "Maraqlı hekayədi, yayda mütləq oxuyarsan. Müəllif Şəhla müəllimənin atasıdı"- dedi. O, kitab əslində mənim də əlimə dəfələrlə keçmişdi. Amma müəllifin Şəhla müəllimənin atası olduğunu bilmirdim. Yazı sotulumun üzərinə qoydum ki, mütləq gözümün qarşısında olsun,yayda rayona gedəndə özümlə aparmaq yadımdan çıxmasın. 
 Şəhla müəlliməni Elladan sonra tanımışam. Səbrinə heyran olduğum nadir insanlardandı və  yeri məndə ayrıdı.   Dərs xaricində çox da danışmağa imkanımız olmasa da arada bir maraqlı söhbətlər edərdik. Yadımdadır, Adnan Menderesdən, din alimi Yaşar Nuri Öztürkdən və  musiqidən danışdığımız olmuşdu. İndki zamanda az rast gəlinən vicdanlı və  ürəyi həqiqətən təmiz insanlardandı. 
 Şəhla xanım atasından bir dəfə bəhs etmişdi. Onun gündəlik yazdığından danışmşdı. Həmin gündəlikdə nələr etdiyini deyəsən qısa da olsa qeyd edirmiş.

Bu gün kompumu yandıranda gözüm kitaba sataşdı. Vərəqləməyə başladım. Ella bu kitabı görünür oxumuşdu ki, hekayənin azərbaycan dilində bitdiyi səhifəni azca qatlamışdı. Amma mənə hekayənin nədən bəhs etdiyini heç deməmişdi.  Hekayənin sonundakı müəllifdən adlanan qısa abzasdakı sonuncu cümlə  məni bu kitabı bu gün oxumağa vadar etdi. 

Həmin cümlə belə idi  : 

"Kim Qəndil xala ilə maraqlanaraqsa, mən onun ünvanını açıq-aydın söyləyə bilərəm : Köhnə dünya, hüquqsuz insanlar məhəlləsi. "





Kitabın Ön Sözü Bədirxan Əhmədova məxsusdur. Mən Slavyan Universitetində oxumasamda ordakı müəllimərin hamısını qiyabi olaraq bacım sayəsində tanımışam. Bədirxan müəllimin də adı evimizdə  dəfələrlə səslənən adlar sırasındadır. 

Hekayə Qəndil xalanın özü də istəmədən səbəb olduğu hadisələrdən bəhs edir. Belə ki, birinci dəfə qaçırılaraq Öcək kəndinə gəlin getdiyi Usuboğlular nəslinin yenə ikinci dəfə istəmədən Adabaşı kəndinə gəlin getdiyi Aşıq Alının nəsliylə olan münaqişəsi fonunda o dövrün mənzərəsi  təsvir olunur. Əslində əsəri oxuyanda sonda niyə müəllifin  Qəndil xalanın ünvanı kimi  məhz "Köhnə dünya, hüquqsuz insanlar məhəlləsi" olaraq qeyd etdiyini də anladım.
Qəndil xala illər keçdikdən, həyatının sonuna yaxınlaşdıqdan sonra bizə indki zamanın qədrini bilməyimizi tövsiyyə edir. 
Amma mən hələ də qərarsızam, onun zamanındamı yaşamaq daha çətin olardı yoxsa indiki zamanmı daha çətindir bilmirəm. 

Hekayədən seçdiklərim : 

Ölüm üçün də cəsarət və bacarıq lazımdır.

Hansı arzu və ya məqsədlə yaşadığım özümə də məlum deyildi. Sanki həyatın qəribə bir fırtınası məni büküb öz qoynunda hara isə aparırdı. Qarşıdakı illəri görmürdüm. 

Belə dəhşətli insanların zülmünə tab gətirmək çətin olsa da, neyləyim ki, ölüm daha dəhşətlidir. 

Analıq şərəfi bəzən insana ən böyük dərdlərini,çəkdiyi ən ağır əzabları tədricən unutdurur. 

P.S. Bir də əsərdə adı çəkilən "Sürfüllü" yeməyinin nə olduğunu bilmədim. Ümid edirəm nə zamansa dadına baxmaq qismət olar. 












No comments:

Post a Comment