"Xan" nəşriyyatı "Xatirə Ədəbiyyatı" layihəsi çərçivəsində bizim bir çox görkəmli ziyalılarımızın silsilə şəkildə xatirələrinin yayımına başlayıb.
Bu silsilənin bir çox kitabları çap olunub. Wish listim-də bu kitabların hamısını almaq var. Xüsusilə də Ceyhun Hacıbəyli haqqında olan kitabı.
"Cavid haqqında xatirələr" kitabı isə iki hissədən ibarətdir.
Kitabın birinci hissəsində Mişkinaz xanım Cavidlə olan xatirələrini oxuya bilərsiz.
Mişkinaz Hüseyn Cavidin bacısı ilə rəfiqə idi. Mişkinazla Cavidin evlənməsinə də o vasitəçi olmuşdu. Hər nə qədər ilk dəfə Hüseyn Mişkinazı görəndə bir o qədər bəyənməsə də ikinci dəfə artıq görəndə razılığını vermişdi. 1918-ci ildə ailə qururlar. Cavidi Bakıya müəllimlik üçün göndərəndə onlar burada kiçik bir evdə yaşamağa başlayırlar.
Cavid Əfəndinin 1921-ci il 23 avqustunda doğulmuş qızı Tumrus (Tomris) ongünlük körpəykən vəfat edir.
Abbas Mirzə Şərifzadəylə yaxından dost olublar.
Cavidi Azərbaycandan kənar qonşu ölkələrdə də sevilirdi. İbrahim Əbilov Cavidə deyirmiş ki, mən Türkiyədə olandan Mustafa Kamal "İblis"i tamaşaya qoydurar və deyərdi : "Ordakı Elxan mənəm".
Oxuduqca onların arasındakı sevginin sərhədsiz olduğunun fərqinə vardım.
Cavidi götürməyə gecə saat 11-də gəlmişdilər. Gecə yarısından səhər 7-yə kimi evi ələk-vələk etmişdilər.
Mişkinaz xanımın ürəyində qalan nisgillərdən biri həmin gecə Cavidə özünün qəhvə bişirməməsi idi.
Həmin gecə Cavidin iki böyük çemodan əlyazmaları, kitablarını götürürlər. Bəzi əsərlər Cavidin evindəki yemək stolunun gözündə qalmışdı. İndi də Cavidin ev muzeyində o stol qalır.
Ailənin ən ağrılı günləri də məhz Cavid tutulandan sonra başlayır. 1937-ci il sentyabrın 28-də bapbalaca, bir göz otaqlı - Sovet küçəsi, ev 92-yə köçürülürlər.
1939-cu il iyulun 2-də görüşdülər. 1939-cu ilin iyulun 4-nə kimi yəni Cavidi vətəndən sürgün edənə kimi Mişkinaz xanım onunla bir neçə dəfə görüşmək imkanı əldə etmişdi. Mişkinaz xanım xatirələrində o görüşlərini bütün detallarıyla təsvir edir. Oxuyanda təsirlənməmək mümkün deyil. Cavid tutulanda tanıdığı kişilərin nakişi olduğunun da şahidi oldu.
1941-ci ildə müharibə başlayır, nəslin bir neçə nümayəndəsi - Mişkinaz xanımın qardaşı, noyabr ayında oğlu Ərtoğrol , Cavidin böyük qardaşının oğlu müharibəyə yollanırlar. 1941-ci ildə Cavidin yazdığı sonuncu məktubu 1942-ci ildə alırlar. Ondan sonra Caviddən heç bir məlumat olmur.
Ərtoğrol "xalq düşməni"nin oğlu olduğu üçün ona müharibədə ən ağır işləri tapşırırlar, vəziyyəti ağırlaşır, sətəlcəm olur, Tiflisdə hospitala gətirirlir, Mişkinaz xanım çətinliklə onun yanına gedib çıxa bilir.
Ərtoğrol Pedaqoji İnstitutunun Ədəbiyyat fakültəsini əla qiymətlərlə bitirmişdi, əsgər gedəndə konservatoriyanın ikinci kursundaydı. "Şeyx Sənan" operası üzərində işləyirdi.
Ərtoğrol anasıyla görüşdən iki ay sonra , 1943-cü il oktyabrın 14-də rəhmətə gedir. Mişkinaz xanımın anasının qohumu Əziz Şərif Ərtoğrolun Tiflindən Naxçıvana gətirilməsinə nail olur.
Mişkinaz xanım bir çoxları kimi həyat yoldaşına "xalq düşməni" deyib boşanmadı, o, ömrünün sonuna kimi Cavidin olaraq da qaldı.
Kitabın ikinci hissəsi Azər Turanın Cavidin qızı Turan Cavidlə 9 yavar 2004-cü ildə etdiyi söhbətlərin əsasında hazırlanıb.
Turan Cavid sözlərinin atasının kitabları içərisində Əbdülhəq Hamidin pyesləri, Tofiq Fikrətin "Rababi-şikəstə"si, Sabirin "Hop-hopnaməsi", Xalid Ziyanın "Nəmidə"si, Əhməd Hikmətin "Xaristan"ı, Defonun "Robinzon Kruzo"su, Hamidin "Zeynəb", Məqbər" əsərləri , Hüqonun "Səfillər", Düşenin "Tamilla"sı varmış.
Cavid əfəndinin İstanbulla bağlı bildiyi yalnız bir xatirəsini belə imiş :
Cavid bir dəfə dərsə gedərkən evdən tələsik çıxır, köynəyinin düyməsini tərs bağlayır. Bunu görən Rza Tevfiq Cavidə "indi bildim ki, əsl şairsən" deyibmiş.
Cavid Əfəndi qızılgülü çox sevirdi, bunu ev muzeyində olanda da görəcəksiz. Əbəs yerə demirəm.
Cavid Turana "nənəsim" deyərmiş,
Cavid uzağı yaxşı görmürdü, 926-cı ildəMaarif Komissarlığı onu Almaniyaya gözləri üçün müalicəyə göndəribmiş, 3 ay orada qalır.
Cavid anası Ümmi Leyla xanımı çox istəyirmiş, hətta qızına da anasının adını vermək istəyibmiş, lakin üç gün düşünəndən sonra Turan adını qoyur.
Qohumların, yaxınların yeni dünyaya gələn uşaqlardan bir çoxuna Cavid ad veribmiş. Əhməd bəy Pepinovanın qızı Sevda Pepinova da onlardan biridi , hansı ki, elə o ilk Sevdadı.
Abbas Mirzə Şərifzadənin oğlanları isə Cavidin qəhrəmanlarının adlarını daşıyırlar : Ərtoğrul və Qaratay.
Turan xanım Cavid Müşfiqin "Yenə o bağ olaydı" şeirinin də əslində Müşfiqin həyat yoldaşı Dilbər xanıma yox, Ənvər Məmmədxanlının bacısı Arifəyə ünvanlandığını da qeyd edib və hətta o hadisələri ətraflı şəkildə şərh edir.
Cavidin "Xəyyam" əsərinin bu gün bizə məlum olması Turan Cavid sayəsindədir. Belə ki, İrəvanda Əli Şahsabahlı adlı bir aktyordan iki min manata o əsəri alıbmış.
Atası Turan Cavidi həkim görmək istəyirdi. Əslində məktəbi bitirəndən sonra birinci il tibb universitetinə sənədlərini versə də onu qəbul etmirlər, lakin ikinci il qəbul olur amma o, özü həkim olmaqdan imtina edir, teatrşünas olur, elmi dissertasiyanı müdafiə edə bilmir, atası "xalq düşməni" adı aldığı üçün, lakin bütün ömrünü özünün də dediyi kimi çox daha dəyərli işə, Cavidin irsinin bərpasına sərf edir.
Turan Cavidin oxuyub unuda bilmədiyi kitab Suat Dərvişin "Heç biri" romanıdır.
Ən ağrılı məqam isə o ailədən heç kimin yadigar qalmamasıdı. Hər kəsə məlumdur ki, evin son beşiyi Turan xanım da ailə qurmadı.
Kitabın sonuncu diaqloyu isə belədi :
-Milliyyətçi kimi tanınırsız...
-Milli qeyrəti olmayan adamların mənim üçün heyvandan fərqi yoxdur.
-Daha çox kimə ehtiyac duyursuz?
-Ərtoğrola.
P.S. Mən Hüseyn Cavidin ev muzeyinə Ərtoğrol Cavidə görə getmişdim. Bakalavrda diplom işi kimi onun əsərlərindən yazmaq istəyirdim. Bu istəyim baş tutmadı amma mənim o evdə olduğum zamanda aldığım xoş təəsssürat, dinlədiyim xatirələr, görüklərim bir ömür boyu yaddaşımda silinməaz olaraq qalacaq.
Zamanınızı ayırıb bu kitabı mütləq oxuyun.