Aysel, dəvətnaməyə görə çoxlu-çoxlu təşəkkürlər!:)
Canlı musiqinin olmaması tamaşanın təsir qüvvəsini azaldırdı, amma bununla belə xoreqorafların əməyi təqdirə layiq idi. Xüsusilə də Edvard Arazov (Raul), Tamilla Məmmədzadə (Laura), Samir Səmədov(Migel) , Failə Bolgarova (Tereza). Mənim xüsusilə pərəstiş edərək izlədiyim Tamilla Məmmədzadə oldu.
Youtube-da "Məhəbbət Tanqosu" var. Amma mən yenə də öz çəkdiyim bir neçə dəqiqəlik videonu da yerləşdirdim.
Baletin süjet xəttini də aşağıda yazmışam. Düzü baleti izləyərkən sizə hər şey aydın olacaq, amma əgər yolunuz Opera və Balet teatrıyla bir gün məhz bu əsərlə kəsişsə əvvəlcədən hadisələrin hansı istiqamətdə cərəyan edəcəyini bilin. O zaman ürəyinizdə kiçicik də olsa edəcəyiniz təşəkkür mənim üçün dünyanın ən böyük mənəvi dəyəri olacaq.
Süjet :
"Raul adlı gənc tavernaya daxil olur. Tavernada çoxlu müştəri vardır. Gənc cütlüklər bir-biriləri rəqs edirlər. Ofisiant Raula boş stulda oturmaq üçün yer göstərir. Gənc dalğın halda oturaraq ətrafa göz gəzdirir. O, öz rəfiqəsini gözləyir.
Musiqiçilər ifa edir. Laura daxil olur və tavernanın qonaqları qarşısında rəqs edir. Onun siması və gözəl rəqsi bütün müştəriləri heyran edir.
Raul həyəcanlıdır. Lauranın rəqsi onu sanki ovsunlamışdır. Taverna sahibi Migel Lauraya müştərilərin stollarına yaxınlaşmağı və onların qarşısında rəqs etməyi əmr edir. O, öz rəqsi ilə topladığı pulları ağasına verməlidir. Laura Raulun özünə qarşı marağını hiss edərək onun stoluna yaxınlaşır və oğlanı diqqətini daha da cəlb etmək üçün qarşısında rəqs edir. Migel daha çox pul qazanmaq imkanı olduğunu başa düşür və stola bahalı içkilər gətirir.
Raul qızın rəqsindən sanki məst olmuşdur, balaca cadugər isə əlində şampan şərabı ilə dolu qədəh tutaraq onun stolunun üzərində rəqs edir. Raul tavernada görüş təyin etdiyi rəfiqəsi Terezanın stola yaxınlaşdığını hiss etmir. Qəzəblənmiş Tereza rəqsi dayandırmağa çalışaraq stolu aşırır, lakin Laura cəld oğlanın qolları arasında atılır. Raul qızı buraxmaq iqtidarında deyil və hər şeyi ataraq Laura birlikdə tavernadan qaçır.
Taverna sahibi onlara mane olmağa çalışsa da cəhdi boşa çıxır. Sevgililər təbiət qoynundadırlar. Məhəbbət və ehtiras onların gözünü elə kor etmişdir ki, Migelin xidmətçilərinin onları əhatə etdiyi və hədələdiyini hiss etmirlər.
Raul xidmətçilərlə qeyri-bərabər döyüşə girir, lakin möhkəm döyülür. Onu xilas etmək üçün Laura Migelin adamları ilə tavernaya qayıdır.
Yenidən taverna. Növbəti tamaşa gedir, hamı məşhur rəqqasəni gözləyir və Laura müştərilər qarşısında rəqs edir. Lakin onun qəlbi ağrıyır və rəqsi çox sönükdür.
Migel güclə qızı özüylə rəqs etməyə məcbur edir. Tamaşaçılar onları ruhlandırırlar. Təhlükəyə baxmayaraq Raul tavernaya gəlir. O, öz hisslərinə hakim ola bilmir, sevgilisinin Migel ilə rəqs etdiyini görərək çox qısqanır.
Tereza Raula yaxınlaşır. O, hər şeyi unutmağa və Raulu bağışlamağa hazırdır. Raul fikri dağınıq halda qızı dinləyir, lakin onun diqqəti yenə də Migellə Lauradadır. Tereza Raulu geri qaytarmağın mümkün olmadığını anlayır, onun qəlbində nifrət və intiqam hissi yaranır. Bu müddətdə tavernada şənlik davam edir, qızlar rəqs edir və buradakı oğlanları da rəqsə dəvət edirlər. Migel Raulu görərək qəzəblənir və mühafizəçilərə hazır olmaq əmri verir.
Raul Lauranı axtarır. Laura yenidən səhnədə tamaşaçılar üçün rəqs edir. Lakin bu zaman Raulu görür və indi onun rəqsi yalnız Raul üçündür. Gənc hər şeyi unudaraq qızın yanına tələsir, Laura yenidən onun qolları arasındadır. Mühafizəçilər, Tereza və Migel onların yanındadır. Onlar sevgililəri ayırmağa çalışsalar da, buna müvəffəq olmurlar. Tereza əlindəki bıçağı qızın ürəyinə sancır. Hamı dəhşət içərisində donub qalır, qatili aparırlar. Bədbəxt Raul sevgilisini həyata qaytarmağa çalışır, lakin hər şey əbəsdır. Laura oğlanın qolları arasında can verir.
Həyat isə davam edir. Məhəbbət əbədi yaşardır."
Qismət olsa yeni ildə görüşərik. Hələlik :)!
No comments:
Post a Comment