Sunday, 7 August 2016

Şəki Şəhəri ( Şəki xan sarayı, Şəki Xanlarının Evi, Sabit Rəhmanın ev muzeyi)

Şəki görmək istədiyim ən qədim şəhərlərimizdən biri idi. Nəhayət arzuma çatdım. Əvvəlcə onu deyim ki, Şəki Qəbələdən də uzaqdı amma qəribədir ki,  həmin yol insanı yormur. Bircə Şamaxı tərəflərdəki səhralıq olmasa daha yaxşı olar. Biz səhər tezdən yola çıxmışdıq. Orda günlərlə qalıb gəzmək üçün çox zamanımız yox idi. Gün itirməmək baxımından səhər tezdən çıxmışdıq. Hətta səhər yeməyi belə yeməmişdik.
Əgər bizimki kimi səhər yeməyi yemədən çıxsanız səhər yeməyi yeyə biləcəyiniz yer kimi "Şöhlətoğlu" adlanan yeri məsləhət verə bilərəm. Reklam etmirəm ))) Çünki heç oranı kim açıb bilmirəm. Amma mən həddindən artıq təmizliyə qarşı həssas olduğum üçün oranı çox bəyəndim. Məsələn, atayla Qəbələyə gedəndə səhər yeməyi yediyimiz yer heç  xoşuma gəlməmişdi. Hər halda təmiz  yer idi. Bir də yol boyunca halqa formasında müxtəlif meyvələrin turşusunu ( ona əgər səhv etmirəmsə lavaşa deyilir) satırlar, onu Qəbələyə gedəndə  kəşf etmişdik, əgər yolunuz oralara düşsə mütləq alıb dadına baxın. Mən alçadan hazırlanananı çox sevirəm. 

 Ümumilikdə 5 saatlıq yoldu. Uzun müddətli yoldan sonra Şəkiyə çatanda özümü həm bir az yorğun, həm də xoşbəxt hiss edirdim. Şəkidə qalmaq üçün Otel də var. Amma mən  tarixi yer olduğu üçün Karvansarayda qalmaq istədim. Əvvəlcədən deyim ki, Şəkidə iki Karvansaray var : Yuxarı və Aşağı. Aşağı Karvansaray təmir olunur, hansı ki, orada "Mahmud və Məryəm" filminin  müəyyən hissəsi  çəkilmişdi. Biz Yuxarı Karvansarayda qaldıq. Oetl də Yuxarı Karvansarayla üzbəüz  yerləşir. 
Günorta yeməyi üçün kənara çıxmaq istəməsəniz Karvansarayın içindəki restorana gedə bilərsiz. Bizə "Narın qala" adlanan yer məsləhət görülmüşdü. Daha doğrusu əvvəlcə "Marxal"  deyilmişdi. Amma ora yerli sakinlərin dediyinə görə təmirə bağlı idi. Elə əslində "Narın qala"ya gedəndə oranın bağlı olduğunu da gördük. "Narın qala" Karvansaraydan , yəni Şəkinin özündən bir az uzaqdı, amma sakit yer idi və yeməkləri dadlı idi. 

Şəki Xan Sarayının özü isə Karvansaraydan elədə uzaq deyil. Həyətində yox amma içəridə video və foto çəkiliş etmək qadağandır. Giriş biletlədir, biletin qiyməti isə 2 manatdır. Video çəkə bilmədiyim üçün orada bizə Xan Sarayını gəzdirən adamın dediklərindən yadımda qalanlar : 
"Şəki xan sarayı yay üçün iş binası kimi nəzərdə tutularaq inşa olunub. Burada yaşayış olmayıb, inzibati idarə məqsədilə istifaə olunub. Yaşayış evi binanın sol tərəfində olub, qala divarının içərisində, Çar Rusiyasının dövründə ruslar tərəfindən dağıdılıb. Sarayın tikintisində yapışqan və mismardan istifadə olunmayıb. Yumurta ağı istifadə olunub. Hal-hazırda 15 % bərpa olunmuş vəziyyətdədir.  85 % orjinaldır. Döşəmələri dəyişilib. Orjinal döşəmələr kərpic olub. Divanxana adlanan otağın tavanının  dünyada analoqu yoxdur, yeganə tavandır ki, 5524 kiçik, bir-birinə keçirilmiş kiçik taxta parçalarından hazırlanıb, 254 ildir ki, yapışqansız,mismarsız heç bir bərpa işi aparılmadan qalır.  Pənrəcələr şəbəkə formasındadır. Hər bir pəncərədə təxminən 5000 ədəd kiçik ölçülü taxta və şüşələrdən istifadə olunub. Divanxana adlanan otaqdakı hovuza gil borular vasitəsilə dağdan sular gəlirdi və bunun məqsdəi otağı sərinlətmək üçün idi. Divardakı rəsmlər bitkilərdən və yumurta sarısından hazırlanmış təbii boyalarla boyanıb. Qapıların astanası hündürdü, çünki o zamanlar insanlar aşağıda otururmuşlar və aşağıdan gələn soyuğun qarşısını almaq məqsədilə istifadə olunurdu. Otaqlardan biri dəftərxanadır. Həmin otaqda rənglərdən və şəkillərdən istifadə olunmayıb. Bunun səbəbi məmurların fikirlərinin rənglərə qarışmamasıyla bağlı idi. Otağı tavanı digər otaqlara nəzərən daha aşağı idi. Bunun səbəbi həmin otağı üzərində qadınların otağının yerləşməsi idi. Yəni kişilərlə qadınlar bir-birinin səslərini eşitməsinlər, eyni zamanda həmin otaqda gedəndə dövlət sirlərindən qadınların xəbəri olmasın deyə idi. Təxminən yuxarıdakı otaqla aşağıdakı otaq 50-60 sm izolasiya olunmuş formadadır." 



Şəki Xanlarının Evi adlanan yeri isə çox adam bilmir. Şəki Xan Sarayı kimi bir tikildir, ondan fərqli olaraq otaqlarında çox işləmələri yoxdu. Tikili 1765-ci ildə Məhəmməd Hüseyn xanın sifaşilə tikilib. Şəkidə ilk saray tipli evdir, uzun müddət qəzalı vəziyyətdə qaldığı üçün əsaslı şəkildə təmir olunur və 2013-cü ildə istifadəyə verilib. Ev 6 otaq , 4 dəhlizdən ibarətdir, birinci otaq xanın xidmətçiləri yaşadığı üçün heç bir təsvir nəzərdə tutulmayıb, o otağı qapısı alçaqdan tikilmişdi, bunun səbəbi xanın xidmətçilərinə baş əymək vərdişi aşılamaq imiş, yəni həmin qapıdan keçəndə istər-istəməz başını əyib keçməli olursan. 

Bir də Şəki xanlarının evini də gəzmək üçün 2 manat ödəniş etməli olacaqsız. 
Şəki Xanlarının evinin həyətində də oturub çay için, bir neçə yüz il bundan əvvəl Şəki xanlarına məxsus evin həyətində çay içmək əmin olun ki, maraqlı olur :)

Sabit Rəhmanın ev muzeyi də Yuxarı Karvansarayın arxasındakı küçələrdən birində yerləşir, 




Muzeydə iş saatı 6-dan sonra bitir, muzeye giriş də 1 manatdır. 

Sabit Rəhmanın ev muzeyindən sonra suvenir mağazalarını gəzdik. Onu deyim ki, şəhərdə düz yer yoxdu, ya düşürsüz, ya da qalxırsız, gəzmək normaldan daha çətindi, bir də Şəki şirniyyat qoxurdu. Getmişkən ordan yadigar qalacaq nəsə mütləq alın. Bir də deyilənə görə ən yaxşı Şəki halvası Əhmədin halvasıdı, elə biz də ordan aldıq.
Hər şey həqiqətən çox gözəl idi, bircə şəkililərin danışıqları məni yordu :)  Saatlarla onlara qulaq asmaq asan məsələ deyilmiş. 


 Hamısını yazmaq istəmirəm, qalanını məncə özünüz gedib görün. 

Telefonumun yaddaşı icazə verdiyi qədərilə yuxarıda dediklərimi çəkməyə çalışdım. Videonun sonunda Sabit Rəhmanın ev muzeyində olarkən çəkilən videoları görəcəksiz. Fona musiqi yerləşdirməklə bağlı problemlər yaşadım. Videoda məndən daha çox görəcəyiniz isə qardaşımdı.  İlk dəfə idi belə bir video çəkirdim, qüsurlarımı görməzdən gəlsəniz sevinərəm. 


P.S. Sabit Rəhmanın ev muzeyində çəkdiyim kadrlarda görəcəyiniz havalandırma sistemi ( royal olan otaqda, divardakı rəsmin sağ tərəfində)  eynilə Şəki xan sarayında və Şəki xanlarının evində olduğu kimi idi. 
Yenidən görüşmək ümidilə, hələlik. 

No comments:

Post a Comment