Sunday, 11 September 2016

Rafael Hüseynov "Vaxtdan Uca" - "Yaşıl Yarpaq"

Azərbaycan musiqi sənətinin ilk qaranquşlarından olan Müslüm Maqomayevi hamımız tanıyırıq. Əslində hamımız elə  dövrünün görkəmli şəxsiyyəti olduğunu, musiqi sənətimizdə mühüm işlər gördüyünü bilirik. Amma məhz bu kitabla Müslüm Maqomayevə bəstəkar kimi yox  insan gözüylə baxa bildim. İstər onun həyat yoldaşı Badigülcamala və silahdaşı Üzeyir Hacıbəyliyə yazdığı məktublarında, istər həmin dövrün mətbuat və qəzetlərində ona qarşı yazılan tənqidi çıxışları  təmkinlə  cavablandırmasında, istər başı bəlalı "Şah İsmayıl" operasını  Mirzə Qədir İsmayılzadənin yox Əlisəttar İbrahimov librettosuyla işləməyə başlamasına baxmayaraq özünün deyişiylə vicdan məhkəməsində Rzaqulu Həsənovun keçilməz xahişini qəbul edərkən, istər Ərəblinskinin ölüm xəbərini eşidəndə belə dirijor pultu arxasında dayanmağa məcbur olanda ...




Badigülcamal Müslümdən 4 yaş böyük idi, həm də Mülsümdən əvvəl məcbur başqasına ərə verilmişdi.  Amma yenə də Müslüm Maqomayev onu sevirdi. O, Müslümlə 31 il ömür-gün yoldaşı oldu. 
Müslüm Maqomayev məsuliyyətli biri idi. İstər qısa müddətdə opera teatrında rəhbər vəzifəsində çalışarkən, istərsə də 1929-cu ildən 1933-cü ilə kimi Bakı Radio Mərzkəzində çalışarkən.  Elə məhz  Üzeyir bəylə birlikdə notlu Xalq Çalğı Alətləri Orkestrini yaratması da, Radio Marşının yazılması da həmin illərə təsadüf edir. 
Müslüm Maqomayev 1928-ci ildə "Koroğlu" operasını yazıb. R.Hüseynov haqlıdı : "Niyə Müslüm bəy kimi klassikin "Koroğlu"suna biganə qalaq. Hamısını demirəm, heç olmasa həmin operanın müəyyən fraqmentlərini, bəzi ariyalarını diriltmək olmazmı?"
İlk baletimiz 1940-cı ildə yaranıb. Hətta Üzeyir bəy 1940-cı il aprelin 25-də "Pravda" qəzetindəki məqaləsində bu hadisəni mədəniyyət tariximizin mühüm hadisəsi hesab edir. Ancaq 20-ci illərin sonlarında Müslüm bəy artıq ilk baletimiz olan "Dəli Muxtarı" bəstələməyə başlayıbmış. Arxivinin dağınıq olması üzündən onun yaradıcılığı ilə bağlı suallara cavab vermək olmur. Hətta "Xoruz bəy" adlı musiqili komediya da yazıbmış. 
Taricə muğamımızı bütöv halda nota salmaq cəhdi də Müslüm bəyə aiddir. Hər nə qədər Tofiq Quliyev və Zakir Bağırovun nota saldığı Rast muğamı ilk kimi bilinsə də əslində bunu da ilk dəfə Müslüm Maqomayev etmişdi. Onun  1927-ci ildə çap olunmamış 100-dən artıq xalq musiqisini nota saldığı əlyazmasında Rast da var idi. 
Müslüm Maqomayev vərəmdən vəfat edir. Ömrünün son çağlarını "Nərgiz"in premyerasında sərf edir. Elə son beşiyini də səhnədə görmək ona qismət olur. 

Müəllif əsərin son səhifəsində belə yazır : " Qara Qarayev, Fikrət Əmirov, Niyazi Üzeyir bəyin, Müslüm bəyin mənəvi övladlarıydılar. Onlar iki böyük klassikin yadigar qoyub getdikləri çox ənənələri davam etdirdilər. Nə kədərli ki, ustadların bu acı ənənəsi də onlara irs qaldı." Müəllifin nə demək istədiyini yəqinki çoxları başa düşdü. Bəzən həyatın gətirdiklərinə təəssüf etməkdən başqa çarə qalmır. Təəssüflənməyimiz  dəyişə bilməməyimizdən irəli gəlir. 
Yazıçı Anar demiş bu gün bizim üçün tarix olanlar o vaxt onlar üçün tale idi. Vaxtlarına çıxmış bəxt idi.

Bu cümləni harda eşitmişdim xatırlamıram - "Yaradıcılıq məcnunluqdur, divanəsi olasan gərək". Müslüm Maqomayev musiqinin Məcnunu idi. 
Müslüm Maqomayevin atası əslən Qaxın-İlisu kəndindən idi. O,  yalnız Üzeyir bəylə yox, həm də Pənah Qasımovla bacanaq ( Pənah Qasımov Əminə Terequlova idi ailə qurmuşdu)  idi. 
Yaşamaq ürək məsələsidir. Müslüm Maqomayev bütün ürəyi ilə ömrünü yaşayıb başa vurdu. 

No comments:

Post a Comment