Ümumiyyətlə müasir musiqi ilə bağlı keçirilən istənilən konsert və festivalları çox böyük səbrsizliklə gözləyirəm. Azərbaycan səhnəsində bizim tamaşaçı üçün fərqli əsərlərin səslənməsi maraq doğurur. Çünki bu əsərlər əsas etibarilə XX əsr bəstəkarlarının əsərləri olur və mənə görə dünya tarixində ən maraqlı, ən mürəkkəb, rəngarəng, bəlkə də ən dəhşətli əsr elə ötən əsr olub. Dünyanın mənzərəsi dəyişdiyi üçün ədəbiyyatda, incəsənətdə çox ciddi dəyişikliklər baş verirdi və bu dəyişikliklər kəskin surətdə incəsənətin, təbii ki, o cümlədən musiqisinin simasına da təsir etməyə bilməzdi.
Konsert iki hissədən ibarət idi. I hissədə Alban Berqin soprano və böyük simfonik orkestr üçün yazılan "Lulu" süitası , II hisədə isə Fərəc Qarayevin (bilməyənlər üçün Qara Qarayevin oğlu) 1982-ci ildə yazmış olduğu "Tristessa I" adlı "Vida simfoniyası" ifa olundu. Yəni elə konsertin adı F.Qarayevin simfoniyasından götürülmüşdü. Tristessa ispan və portuqal dillərində "kədər" deməkdir.
Alban Berq, Yeni Vyana Məktəbinin nümayəndəsi, görkəmli Avstriya bəstəkarı, XX əsrin ən parlaq simalarından biridir. Onu çox zaman "dodekafoniyanın romantiki" də adlandırırlar.
Konsertdə səslənən "Lulu" süitası əslində bəstəkarın eyniadlı operasının konsert ifası üçün işlənmiş versiyasıdır. 5 hissədən ibarət süita tamaşaçılara solist Fəridə Məmmədova və Fuad İbrahimovun dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri tərəfindən təqdim olundu.
Berqin "Lulu" operası 3 pərdəli tamamlanmamış opera idi. Əsər başqa bir Avstriya bəstəkarı tərəfindən tamamlanıb.
İkinci hissədə yuxarıda qeyd etdiyim kimi F.Qarayevin öz atasına həsr etdiyi simfoniyası səsləndi. Hətta əsərin partiturasında "Atama. Müəllimimə. Dostuma. " ithafı yazılıb. Simfoniyada sitat kimi Q.Qarayevin bir neçə prelüdündən də istifadə olunub. Əsərin sonunda isə ifaçıları səhnəni sırayla tərk edirlər. Bu da Haydnın 45 nömrəli "Vida simoniyasına" olan bir alluziya idi. Dirijor simfoniyanın əvvəlində Qarayevin prülüdünü ifa edir. Ən sonda isə dirijor royalın arxasında əyləşir, bu dəfə ifa etmir, fonda Qarayevin prelüdü səslənir və dirijor royalı qapağını endirib səhnəni tərk edir. Bununla da simfoniya tamamlanmış olur.
Hər iki əsər dinləyicidə qeyri-adi təəssüratlar, sərhədsiz kədər duyğusunu hiss etdirir. Belə ki, səslənən əsərlərdə hər musiqi qövsünün özünəməxsus çaları var idi və hər biri öz mövcudluğunu qoruyaraq eyni vaxtda digərləri ilə "ahəng" təşkil etməyə çalışırdılar. Hər iki əsərdə eyni zamanda XX əsrin abu-havasını duyulurdu, həm də dünyanın mövcud bütün kədərlərinin rəngi də var idi.
No comments:
Post a Comment