Thursday, 9 May 2013

Frans Kafka : Atama məktub.


Bu məktubu Kafka 1919-cu ilin noyabrında Şelezendə (Bohemiya) dincələrkən yazmış, ancaq onu nədənsə ünvanına göndərməmişdi. Maraqlıdır ki, ölümündən sonra Kafkanın ədəbi-bədii irsini bütövlükdə oxuculara çatdıran dostu Maks Brod da bu məktubu yazıçının "Məktublar"ına deyil, bədii əsərlərinin cərgəsinə daxil etmişdi.

       Əslində, belə də olmalı idi, çünki Kafkanın atasına məktubu onun 1910-cu ildən müxtəlif insanlara, müxtəlif ünvanlara göndərdiyi məktublardan (demək olar ki,onların çoxu çap olunub və 700 kitab səhifəsindən çoxdur!) seçilir. Daha doğrusu, bu məktub avtobioqrafik səciyyə daşımasına baxmayaraq, şəxsi münasibətlər çərçivəsini aşaraq bəşəri dəyərlər baxımından, ümumiyyətlə, insan münasibətlərinin təhlili və qiymətləndirilməsinə həsr olunmuşdur. Əlyazmasında məktubu bacısı Ottloya ünvanlamışdı ki, sahibinə çatdırsın, amma göndərməmişdi. Ümumiyyətlə, Kafka onu bir neçə dəfə göndərmək və ya kiminsə vasitəsilə sahibinə çatdirmaq istəsə də, həmişə son anda fikrindən daşınmışdı. Bir neçə il sonra çex jurnalisti və onun əsərlərinin çex dilinə tərcüməçisi Milena Yesenskaya (bu qadın həm də onun növbəti uğursuz məhəbbəti idi!) yazdığı məktub da sübut edirdi ki, Kafka onu hələ göndərməyib: "Sabah "Atama məktub”u sənin ev ünvanına göndərəcəm. Onu yaxşı saxla, bəlkə, nə vaxtsa atama verəsi oldun..."




     
      Görünür, məktubun göndərilməməsinin heç kəsin bilmədiyi ayrı bir səbəbi varmış. Elə bir səbəb ki, Kafka onu özü ilə qəbrə apardı...

     Kafka, atasının elə bil qəsdlə onun bütün arzu-istəklərinə qarşı çıxmasını, onu mənən əzməsini 1912-ci il sentyabrın 22-dən 23-nə keçən gecə birnəfəsə, beşcə saata yazdığı "Hökm" novellasında, bir az sonra "Çevrilmə"də, daha sonra da digər əsərlərində bütün çılpaqlığı ilə təsvir etmişdi.

Məktubu oxuyarkən dəhşətə gəldim.İnsanın öz velideyni ilə
 arasında bu qədər uçurum ola bilərmi?Bunun günahkarı görəsən kimdir?Kafkanın əsərlərini başa düşə bilmək üçün ilk növbədə bu məktubu oxumağınızı tövsiyyə edirəm.Yoxsa digər əsərlərini başa düşmək bir qədər çətinləşir.Bu linkdən Frans Kafka haqqında çəkilən sənədli film kimi çəkilən videoya baxa bilərsiz.


Məktubdan seçdiklərim : 


      Demək istədiklərim yaddaşımın, zəkamın tutumundan çoxdur.


      Hər halda biz başqa-başqa adamlar idik və bizim belə başqa-başqa adamlar olmağımız hər ikimiz üçün o qədər təhlükəli idi ki, kimsə yavaş-yavaş böyüməkdə olan mənlə artıq böyüyüb başa çatmış sənin münasibətlərinin gələcəyi barədə danışmalı olsaydı, deyərdi ki, məni didik-didik eləyəcəksən, bircə sağ tikəm də qalmayacaq.


     
Onu da danmıram ki, mən, bəlkə də, sənin o böyük, uğurlu işlərinin bəhrəsindən dada bilərdim, qiymətləndirərdim, onları davam etdirməklə səni sevindirərdim, ancaq bizim bir-birimizə yadlaşmağımız buna mane oldu. Düzdür, verdiklərindən daddım - ancaq alçala-alçala, qorxa-qorxa, çəkinə-çəkinə, özümü günahkar hiss eləyə-eləyə... Buna görə də sənə öz işimlə - əməlimlə yox, dilənçi yazıqlığı ilə minnətdarlıq eləyə bildim...


Yazanda özümü bir növ təhlükəsiz yerdə hiss edirdim, nəfəsimi dərirdim.

 Sənin haqqında yazırdım, səndən şikayətlənirdim, sənin gəlbinə süzə bilmədiklərimi yazılarıma süzürdüm. Yaza- yaza səninlə vidalaşırdım, bilə- bilə də həmin vida anlarını uzadırdım.


Fikirləşməyi bacardığım gündən öz mənəvi varlığımı təsdiq etmək üçün elə böyük çətinliklərlə

qarşılaşdım ki, bundan başqa hər şeyə biganələşdim.

 Zənnimcə, sən məsələnin mahiyyətini heç vaxt başa düşməyəcəksən və bu da mənim işimi yüngülləşdirəcək. Heç nəyi başa düşməyənə nəyisə bir az başa salmaq o qədər də çətin olmur.








No comments:

Post a Comment