Monday, 14 October 2013

"Mahmud və Məryəm"


      Başlıqda da gördüyünüz kimi sonuncu dəfə oxuduğum kitab Azərbaycanın xalq yazıçısı, əməkdar incəsənət xadimi, filologiya elmləri doktoru, professor,hal-hazırda Azərbaycan respublikası Baş nazirinin müavini və ən əsası məni ədəbiyyata sevdirən yazıçı - İlyas Əfəndiyevin oğlu Elçin Əfəndiyevin "Mahmud və Məryəm" əsəri oldu.Bu roman "Əsli və Kərəm" dastanının motivləri əsasında qələmə alınıb.

     Dastanın qısa süjeti belədir : Gəncə xanı Ziyad xanla Qara Məlik övladsızdırlar.Ziyad xanın təklifi ilə onlar əhd-peyman edirlər ki,övladları olsa bir-birinə adaxlasınlar.Bir müddətdən sonra xanın oğlu,keşişi qızı olur.İllər keçir.Günlərin bir günü oğlan qızı ov zamanı bağda görür.Onlar bir-birilərinə aşiq olurlar.Oğlanın adı Mahmud,qızın adı isə Məryəmdir.Variantların heç birisində yaxşı əsaslandırılmayan səbəblərə görə bu görüşdən sonra onların hər ikisi öz adını dəyişir.Oğlanın adı Kərəm,qızın adı isə Əsli olur.Ziyad xan işi bilib Qara Məliyi çağırır,əhd-peymanı yada salır.Keşiş toy üçün 3 ay möhlət istəyir.Sonra qızını da götürüb qaçır.Kərəm lələsi Sofi ilə onların arxasıyca düşür.Nəhayət,keşiş qızını Kərəmə verməyə məcbur olur.Lakin onların evlənməsinə ürəkdən razı olmayan keşiş qızı üçün xüsusi gəlinlik paltarı hazırlatdırır.Bu paltarın düymələri tilsimli olur.Paltar Əslini boğur,Kərəm nə qədər çalışırsa da düymələri aça bilmir.Axırda sazı əlinə alaraq saz-sözlə yalvarmağa başlayır.Düymələr açılmağa başlayır.Amma son düyməyə çatanda yenidən bağlanırlar.Kərəm bir neçə dəfə cəhd etsə də hər dəfə eyni vəziyyət təkrarlanır.Bu zaman Kərəm dərin bir ah çəkir.Ahından bir dilim alov çıxır və Kərəm yanmağa başlayır.Əslinin gözü qabağında külə dönən Kərəmin külünün içində qalmış son qordan Əslinin saçları od alır və Əsli də yanıb kül olur.Onları yanaşı qəbirlərdə basdırırlar.Keşişin də boynunu vurub qəbirstanın bir küncündə basdırırlar.Hər yazçağı Kərəmlə Əslinin qəbirlərinin üzərində bir qızılgül bitir.Qızılgüllər gül açdıqdan sonra yaxınlaşmaq istəyəndə keşişin qəbrindən bitən qaratikan kolu onları birləşməyə qoymur.
Deyilənlərə görə onların  qəbirləri hal-hazırkı Xanlar rayon ərazazisindədir : 
"Əsli və Kərəm".Ziyad xan ocağı - 1-ci hissə

"Əsli və Kərəm" . Ziyad xan ocağı - 2-ci hissə


Bu keçiddən dastan haqqında ətraflı məluat ala bilərsiz.


    Hadisələr əsərdə Hicri tarixi ilə 920-ci il camadiül ayının 4-dən,miladi təqvimi ilə 1514-cü ilin iyun ayının 28-indən başlayır.Bu dövrdə Gəncə Şah İsmayıl Xətai tərəfindən qurulan bu dövlətin bəylərbəyliyindən biri idi.

 Əvvəlcə onu deyim ki,roman axıcı deyil.Hətta ola bilsin oxumağa başlasanız yarımçıq qoyasınız çünki mən romanı oxuyarkən hadisələri anlamaq da çətinlik çəkirdim.

     Kitabdan seçdiklərim :




     Firəng taciri qəribə bir tərzdə əlini yelləyə-yelləyə baş əydi və yaxşı öyrəndiyi türk dilində soruşdu.
    -Bu vilayəti siz müstəqil idarə edirsiz?
    Ziyad xan xırda tum gözlərini qıyıb əcnəbiyə baxdı və dedi :
    -Bu vilayəti "kim idarə edir" soruşmaq düz deyil,"bu vilayəti kim yeyir?" soruşmaq lazımdı.


      Firəngə ürəyinin sözünü dedi,fikirləşdiyini dedi; bəzən demək istədiklərin,fikirləşdiklərin illərlə sinəndə qubar bağlayır, ən yaxınlarına belə heç nəyi deyə bilmirsən,öz doğma xalqın barədə düşündüklərini xalqına deməkdən ehtiyat edirsən-böyük şahların,sultanların qulaqları da uzun olur və buna görə də bir şey fikirləşib başqa şey deyirsən, bir şey istəyirsən, başqasını eləyirsən və xalq da səni düşündüyünə, istədiyinə görə yox dediyinə və elədiyinə görə qiymətləndirir;xalq heç ağlına da gətirmir ki,əslində sən də başqa cür fikirləşirsən və başqa cür istəyirsən...


    ...biz oyuncağıq,fələk oyunbaz?


    fələk biçinçidir,bu dünya zəmi və biçilən zəmidən mürğzar olmaz;ustadlar ustadnaməni bir yox,iki deyər və Sazlı Abdulla da ikinci ustadnamədə demişdi : dünya bir bostandır,pozular gedər...


...əsl sözü deyən dil deyil,ürəkdi.


     Məryəmə Mahmudun gözləri ilə baxmaq lazımdır.


     Dərya olan yerdə qətrə nə qələt edər?


     Kimsəsizliyin də,yiyəsizliyin də öz iyi var...


     Eşq  ki,var,harınlıqdandı.Yeməyin,içməyin bolluğundandı.Məcnun gəlib mənim kimi eldən-obadan ayrı düşüb dağlarda,daşlarda qoyun otarsaydı,yay bilməsəydi,qış bilməsəydi,qələt eləyərdi Leyliyə aşiq olardı...

  
     Eşq bəlasına yalnız eşqlə əlac etmək olar.

     ...əslində dünyada heç nə dəyişmir,həyat elə bir məhəccərin içindədir ki,heç vaxt bu məhəccəri adlamaq olmayacaq.


     ...ən qorxulusu gecələrin sakitliyində və tələsiksizliyində özün özünlə təkbətək dayanmaqdı.


     ...əslində insanın xoşbəxt olması üçün çox az şey lazımdı və ümumiyyətlə,hələ məlum deyil ki,xoşbəxtlik nədir...



     ...tam azad və iddiasız bir həyat dünənin,bu günün və sabahın eyniliyində davam edir...

    ... ən böyük müdriklik dünyanın adiliyinin özündə imiş...


     Bu əsərin filminə getməyi çox istəyirdim.Nəhayət ki, ikinci dəfə Nizami kino mərkəzində bu filmi yenidən afişaların arasında gördüm və sentyabrın 28-də (rəfiqəm Fidanla) bu filmə getdim.Etiraf eləməliyəm ki,bu əsəri əslində filminə getdiyim üçün oxumuşam.Film Azərbaycan və Türkiyənin ortaq çəkdiyi ilk filmdir.Filmin rejissoru Mehmet Ada Öztekindir.Bu filmdən əvvəl hamının yaxşı bildiyi "Kaybedenler kulübü"- nün ssenaristi ,"Aşk ve ceza", "Kuzey Güney" seriallarının isə rejissoru ("Kuzey Güney" - bu serilaın ilk sezonunda yalnız rejissorluq edib,daha sonralar serialın rejissoru Hilal Saral olub) olub.


Rollarında Aras Bulut Iynemli (Mahmud),Eva Dedova(Məryəm),Fəxrəddin Manafov(Ziyad xan),Məlahət Abbasova(Qəmərbanu),Polat Bilgin(Sofu),Mehmet Çevik(Keşiş),Şamil Süleymanov(Mirzə Salman) və.s.kimi akytorların oynadığı bu filmdə roman tam əhatə olunmayıb.Hətta filmdə romanda olmayan əlavələr var.Daha çox yadda qalan səhnələrdən,məsələn,Ziyad xan romanda da Bayandur tərəfindən öldürülür amma romanda bu hadisə Ziyad xanın yataq otağında baş verir.Filmdə isə Mahmudun dulusçuluqla (romanda ümumiyyətlə belə bir şey yoxdur) məşğul olduğu otaqda baş verir.Həmçinin Ceyran obrazının filmdə təqdimatı tamamilə fərqli verilib.Bir də filmin fragmanlarında Mahmudun Məryəmə dediyi "Fətəbərəkəllahü əhsənül-xaliqin" sözünü romanda Sofi Ceyranı çayda çimdiyi zaman görəndə söyləyir.Sözün mənası isə "Səni sevirəm" demək deyil.Deyilənə görə Məhəmməd peyğəmbər gələcək arvadı Zeynəbi çimən görmüş və bu sözləri söyləmişdir.Ərəbcədən tərcüməsi belədir : "Səni yaradana əhsən.".Təbii ki,romandakı bütün hadisələr filmdə canlandırılmayıb.

     Kinoşünas olmadığım üçün aktyorların rolları necə canlandırdıqları barədə fikir söyləmək sahibi deyiləm.Amma yeganə olaraq onu deyə bilərəm ki,xüsusilə Sofi obrazını canlandıran Polat Bilginin aktyorluğu məncə  kifayət qədər uğurlu idi.Həm filmin və məncə romanında da yumoristik  cəhəti olan obraz kimi Sofini göstərmək olar.Sofinin filmdə tez-tez istifadə elədiyi söz  La Havle Vela Kuvvete İlla  Billlahil’Aliyyil’Azıym." -dir,əsərdə bu söz "Əstəğfürullah!Lənət şeytana!" kimidir.Bu məqam filmdə çox yumoristik tərzdə təqdim olunur və insana təbəssüm verir deyə xüsusilə qeyd elədim.Bir məqam da diqqətimi çəkdi.Qəmərbanu sırf hakimiyyətə oğlu gəlsin deyə Ziyad xanın qardaşı Cavanşir xanı öldürtdürür.Qeyd olunmasa da qadınlar tarixdə çox şeyi dəyişiblər. :)))))


     Filmin musiqiləri,seçilən məkanlar,görüntü effektləri,geyimlər,aktyor oyunu məncə çox gözəl idi. Bu film İMDB-də 6.8 balla dəyərləndirilir.












     İnternetdə film çox tənqidə məruz qalıb.Haqlı tərəfləri ola bilər amma bu qədər sərt tənqid olunmasına qarşıyam.Bir də əsərdən xəbərləri olmadan bu qədər tənqid eləmək haqsızlıqdı axı. Məsələn burda  "Hiss 
olunur ki, ssenariyə  Ziyad xanın ifaçı ilə dialoqunu (Ziyad xan xanəndəyə
sual veri r: Orada (Yəni Qarabağda) kimin qalıb? Xanəndə “anamla atam” deyəndə, xan sərt cavab verir: “Yalan deyirsən, küçük, orada 
sənin ürəyin qalıb”) təbliğat məqsədilə  birtəhər ora yerləşdirməli olub" kimi bir yazı var.
Nəzərə alsaq ki,bu film roman əsasında çəkilib onda bu epizod ssenariyə birtəhər yerləşdirilməyib.Çünki əsərin özündə və eynilə bu sözlərdən istifadə olunaraq verilən səhnə var.

     Həmçinin xanım bu yazıda "Əgər əksinə olsaydı, faciə ilə bitən filmdən tamaşaçılar laqeyd, üzlərində yorucu ifadə, gülümsəyərək ayrılmazdılar" kimi fikir qeyd edib.Axı "Mahmud və Məryəm" filminə baxmaq üçün hələ də kinoteatrlara gedənlər var.Yəni bu filmə baxan bütün tamaşaçılardan xanımın xəbəri ola bilməz.Və mən şəxsən kinoteatrda olduğum zaman tamaşaçılarda  laqeyd və yorucu üz ifadəsi müşahidə etməmişdim. :)))))


Burda  isə belə bir fikir qeyd olunub : "Mehmet Ada Öztekin’in yönetmenliği de ‘korkunç’ olarak nitelendirebileceğimiz senaryoya koşut giderek etliye-sütlüye karışmıyor ve filmin pahalı ucuzluğuna hizmet ediyor." Qeyd edim ki,ssenarist Yerkan Kahramandır.Yəni "qorxunc"  ssenarist  Türkiyədən idi.




Burda 'Tuhaf şiveli' Ziyad Han (Fahreddin Manafov) - fikir yazılıb.Biz azərbaycanlılar türk dilini bilirik və heç də hər nə qədər bizə də Türkiyə türkçəsinin çox sözləri gülməli gəlsə də məsxərəyə qoymuruq.Fəxrəddin Manafovdan türklər kimi danışmağını gözləmək absurd vəziyyətdi.Həm məncə iştirak edən türk aktyorlar bizim dilimizdə danışsaydılar daha yaxşı olardı.Cemal Hünalın pariki haqqında yazılanlarla isə razıyam :)))

   Bu kimi yazılar çox idi.Amma hamısını blogumda yerləşdirməyin önəmli olmadığını düşündüm.Mən filmin tamamilə qüsursuz olduğu fikrini söyləmirəm amma tənqiddən əvvəl bu filmin çəkilməsinə kifayət qədər əziyyət çəkildiyini də göz ardı eləməyin əleyhinəyəm.
    Hazır olunan işi tənqid eləmək asandır.Hal-hazırkı Azərbaycan kinomatoqrafiyasının vəziyyətini nəzərə alsaq yaradılan bu filmin bu qədər  tənqidə layiq olmadığını düşünürəm.Fikrimi tam aydın izah eləmək üçün aşağıdakı hekayəni paylaşıram.O zaman nə demək istədiyim daha aydın olacaq. :)



«Hindistanda məşhur bir rəssam varmış. Hamı bu rəssamın çəkdiklərini qüsursuz qəbul edərək bəyənirmiş və ona «rənglərin ustası» mənasında Ranga Guru deyirlərmiş.
Onun yetişdirdiyi bir rəssam Raciçi isə artıq təhsilini tamamlayıb son rəsmini Ranga Guruya təqdim edir. Ranga Guru «artıq sən bir rəssamsan. Sənin rəsm əsərini xalq dəyərləndirməlidir. Bu əsəri şəhərin mərkəzindəki meydana apar, yanında qırmızı qələm qoyaraq xalqdan bəyənmədikləri yerləri işarələməklərini xahiş edən yazı qoy» deyir.
Raçici deyilənləri edir və bir neçə gün sonra əməyini, ürəyini verdiyi rəsm əsərinin başdan sona qırmızı işarələr içində olduğunu görür. Rəsmi götürüb Ranga Guruya nə qədər üzüldüyünü deyir. Ranga Guru eyni rəsmi yenidən meydana aparmasını, bu dəfə isə rəsmin yanında yağlı boyalar qoymağı, insanların xoşuna gəlmədikləri hissələri fırça ilə yenidən çəkməsini xahiş edən yazı asmağı xahiş edir.Raçiçi yenə deyilənləri edir və bir neçə gün sonra meydana gedəndə görür ki, rəsmə heç kim toxunmayıb. Çox sevinən Raciçi sevinərək ustadının yanına gedir. Ranga Guru isə belə deyir: «Sən birinci dəfə insanlara fürsət verdiyin anda nə qədər acımasız təndiqlər ilə qarşılaşa biləcəyini gördün. Həyatında heç rəsm çəkməmiş insanlar da sənin rəsmini qaraladı. İkinci dəfə isə insanlardan səhvləri düzəltməyi xahiş etdin. Qurucu olmaqlarını istədin. QURUCU OLMAQ ƏMƏK TƏLƏB EDİR. Heç kim bilmədiyi mövzuda nəyisə düzəltməyə cəhd etmədi. Əziz Raciçi, peşəndə usta olmaq kifayət deyil, həm də müdrik olmalısan. Əməyinin əvəzini nə etdiyindən xəbərsiz olan insanlardan ala bilməzsən. Onlara görə sənin əməyinin heç bir dəyəri yoxdur.»
Qeyd edim ki, Ü.Hacıbəylinin "Əsli və Kərəm" adlı daha bir operası da var.Burda isə operanın göstərilməməsi haqqında çox maraqlı bir yazı var.


 



Şəkil:Yalçın Əfəndiyev (II).jpg
P.S. : Əslində bunun mövzuya aidiyyatı olmasa da qeyd eləmək istədim.İlyas Əfəndiyevin daha bir oğlu var.Bu,Timuçin Əfəndiyevdir.Onun oğlu Yalçın Əfəndiyev "Üzeyir ömrü" filmində Üzeyir Hacıbəylinin uşaqlığını canlandırmışdı.Yalçın Əfəndiyev 1999-cu ildə qəfildən vəfat edib.

No comments:

Post a Comment