Friday, 26 September 2014

Nuri Bilge Ceylan : "Kış uykusu" (Winter Sleep)

     Nuri Bilge Ceylan adını yəqinki eşitməyəniniz yoxdur. Türkiyənin Çanaqqala vilayətinin Yenicə adlanan bölgəsində 1959-cu ildə dünyaya gözlərini açan Nuri Bilge Ceylan Türkiyəli kinorejissordur. "Kış uykusu" ndan əvvəl çəkdiyi hər bir filmi istər yerli istərsə də xarici film festivallarında müxtəlif nominasiyalar üzrə qalib olub. Amma mən onun adını Kann film festivalındakı çıxışından sonra tanımışam. Rejissor məhz 61-ci Kann film festivalında "Üç maymun" filmi ilə ən yaxşı rejissor mükafatına layiq görülmüşdü. Bu onun Kannda aldığı üçüncü mükafatı idi. Amma məhz ən yaxşı rejissor mükafatını "Üç maymun" filmi ilə almışdı. Həmin çıxışında Nuri Bilge Ceylan demişdi : "Ödülü, tutkuyla sevdiğim yalnız ve güzel ülkeme adıyorum". 



    61-ci Kann film festivalı 2008-ci ildə keçirilmişdi. Yəni mən onu 2008-ci ildən tanıyırdım. Hətta "Üç maymun" filminin trailerini də izləmişdim. Səbəbini bilmirəm amma internetdə yayımlandığı zaman belə onun nəinki "Üç maymun" hətta o filmdən sonra çəkilən "Bir zamanlar Anadoluda" adlı filminə belə baxmamışdım. Çox ehtimal cəsarət edə bilməmişdim. 

   18-sentyabrdan 10 oktyabra kimi onun "Kış uykusu" filmi bizim kinoteatrımızda (28 cinema)  olacaq. Bu filmi də Kann film festivalında həm  Palme d'Or və  həm də FIPRESCI mükfatına layiq görülüb. Hətta 2015-ci ilin fevralın 22-də keçiriləcək 87-ci Oskar mükafatında xarici dildə ən yaxşı film nominasiyası üzrə olan siyahıda yarışacaq. 



    Filmi izləməyə rəfiqəm məcbur etməsəydi bəlkə yenə de cəsarət etməzdim. Cəsarət edə bilməməyimin səbəbi həddən artıq real film çəkdiyini düşünürdüm. Haqlıydım. Amma "Kış uykusu" filmini o qədər sevdim ki... Bir neçə müsahibəsini oxudum, çıxışlarını izlədim, çox təvazökar və sözün mütləq mənasında insana sakitlik verən aurası var. Hətta ekrandan belə bu hiss olunur. 


    Film uzun bir müddət aktyorluq fəaliyyəti ilə məşğul olduqdan sonra Anadoluya gəlib atasından qalma otelin sahibi olaraq həyatını davam etdirən həm otel həm də kirayə verdiyi evlərdən gələn gəlirlə yaşayan Aydın bəydən, Aydının özündən kifayət qədər balaca olan yoldaşı Nihal  və boşanmış böyük bacısı Necla ilə olan həyatını izah edir. Aydın bəy eyni zamanda həmin bölgənin çox da məşhur olmayan bir qəzetinə yazılar göndərir. Maraqlı olan otelin adının Othello olmasıdır. Əslində filmdə məhz Şekspirdən də sitatlar verilib. 

   Filmi izləyəndə Aydının bir çox haqlı məqamlarının olduğunu düşünmüşdüm. Amma sonradan onun da  haqlı olmadığının fərqinə vardım. Film haqda çox uzun bir yazı yazmağı qərarlaşdırmışdım amma bacarmadım. Bunun üçün nə kino haqqındakı biliklərim imkan vermədi ,  nə də rejissorun filmləri haqqında geniş məlumata sahib deyiləm. 




   Film 3 saat 15 dəqiqədir.  Heç sıxılmayacağınız amma şiddətlə kinoteatrda izləməyinizi tövsiyyə etdiyim bir filmdir. Rejiossorun Kanndakı çıxışında dediyi kimi,  mövzu əslində Çexovun bir neçə qısa hekayəsinə əsaslanır. Filmin  dialoqlarında Çevoxdan sitatlar var amma əksəriyyətini həyat yoldaşı Ebruyla bərabər yazıb.  Mənim ən sevdiyim səhnə 
isə Serhat Mustafa Kılıçın həyat veridiyi Hamdi obrazının qardaşı oğlunu Aydın bəydən üzr istəməsi üçün yanına gətirəndə dedikləri idi. Təxmini bele idi : "Qarşımızdakını həqiqətən peşman olduğumuza inandıra bilsək o zaman bizi bağışlaması daha asan olar. "




   Əgər Türkiyədə getmək istədiyim hansısa bir yer varsa bir daha əmin oldum ki, bu Kapadokyadır. Film orda çəkilib. Bir İrlandiya təbiəti qədər mükəmməl gözəllikdədi. Filmin musiqisi olaraq musiqidə romantizm cərəyanının banisi Şubertin No 20 sonatasının ikinci hissəsi seçilib.  Bu filmə seçilə biləcək ən yaxşı əsərdir. 


Rəfiqəmlə zala ən sonda çatdıq. Zalda əyləşməyimizlə filmin adının  yazılması bir olmuşdu. Mən çox adamın olacağını iddia etmişdim. Yanılmışdım. Zalda bizdən başqa 6 ya da 7 nəfər var idi. Təəssüfləndiyim isə zaldan bizdən başqa  3 nəfər olaraq çıxdıq. 

P.S. Nuri Bilge Ceylanan  əvvəlki filmlərini mütləq izləyəcəm. Bu arada evlidi. Hətta həyat yoldaşı Ebru Ceylanla birlikdə  "İklimlər" filmində aktyor olaraq da çəkilib. İki oğlu var.

No comments:

Post a Comment