Friday, 28 February 2014

Hermann Hesse : Der Steppenwolf (Herman Hesse : Yalquzaq)

   Hermann Hesse 1877-ci ildə Almaniyanın Württemberg əyalətində yerləşən Calw şəhərində doğulub. 1962-ci ildə İsveçrədə vəfat edib. Ən məşhur əsərlərindən biri də orjinal adıyla "Der Steppenwolf" yəni "Yalquzaq" romanıdır. Bu roman 1927-ci ildə nəşr olunub. Mahiyyət etibarilə romanda insanın öz həyatında  hiss etdiyi boşluq, uçurum, daxilindəki məni, məna yüklənilməsi çətin olan hislərlə üzləşməyə çalışılıb. Başa düşülməsi çətin və bir dəfəyə oxuyub bitirə biləcəyiniz roman deyil. Axı insanın özünü başa düşməsi asan deyil ;) 



Kitabdan seçdiklərim : 

 Onda kinayədən çox kədər vardı - ümidsiz, nəhayətsiz bir kədər!


Sağ tərəfdəki şəkildə adı çəkilən Fridman Bax - Wilhelm Friedemann Bach dahi bəstəkar İohan Sebastyan Baxın oğullarından biridir.

Roman sayəsində bir bəstəkarı da tanımış oldum. Reger Maks - musiqidə neoromantizm cərəyanının nümayəndəsidir.


Razılıq da, ağrı-acısızlıq da, sakit keçən günlər də çox gözəl şey imiş, nə dərd-sərin, nə də sevincin haray salmağa cəsarət edir. 

...hər şey - kitablar da, əlyazmaları da, xəyallar da tənhalığın,insan olmaq probleminin, mənasını itirmiş insan həyatınıa yeni bir məna vermək həsrətinin dumanına bürünür. 

Keçib gedənə təssüflənməzlər! İndiyə, bu günə, mənasız keçən günlər, saatlara təssüflənmək lazımdır ki, hamısını bircə-bircə itirirsən, nə vaxt qurtaracağını gözləyirsən,  çünki nə sevinc gətirir, nə də qəm. 

Və kim öz puç olmuş həyatının xarabalıqlarına səpələnən mənaları axtarır, mənasız görünən şeylərdən əzab çəkir, üzdən səfeh görünən şeylərlə yaşayır, bu dəhşətli qarmaqarışıqlıqda vəhy eşidəcəyinə, Allaha yavuq düşəcəyinə hələ də gizli bir ümid bəsləyirdi? 


Tənhalıq sərbəstlikdir - elə bunu da arzulayırdım və uzun illərdən sonra qismət oldu. O, soyuq idi, bəli, həm də sakit. Sakitdən də sakit və ulduzlar sayrışan soyuq, sakit kəhkəşan kimi böyük!


... çünki hamı payına düşən bədbəxtliyi ən böyük bədbəxtlik sayır.

 
...- ölümlə  mütləq təmasda olmaq lazım deyil, bun intiharsız da eləmək mümkündür.

... axtardığı sərbəstliyi tapanda qəflətən hiss etdi ki, bu sərbəstlik ölümdür.

Hər bir insan cisimcə vahiddir, ancaq ruhən yox.

...bu gün dünya səndən heç bir quranlıq, heç bir qəhrəmanlıq və ya buna bənzər əməllər istəmir.
...axtardığınız dünya öz qəlbinizdədir. Həsrətində olduğunuz o ayrı gerçəklik də öz içinizdədir.

 Bilməyənlər üçün qeyd edim ki, əsərdə dəfələrdə adı çəkilən Foxtrot rəqsi valsa bənzər,  4/4 və ya 3/4 ölçüdə olan rəqs növüdür. 



P.S. Romanın Davamlı Bilik Mərkəzində  fevralın 22-də müzakirəsi oldu. Rəfiqəm Xəyaləylə getmişdim. Xəyalə mənə aid hər şeyi bilir. Ora getmək səbəbimin yalnız müzakirə olmadığını da bilirdi. O gün onun sayəsində ora getdim. Və o gün xoşbəxt idim. Keçmişlə indinin arasına don vurmuş illərdən çəpər çəkmək mümkündü, amma heç vaxt gözəl xatirələrinizi keçmişdə saxlamayın.

Romana gəldikdə əvvəlcədən deyim ki, romandan açıq aydın bir süjet gözləməyin. Oxuyarkən yazıçıyla söhbət edəcəksiz, onun özünü axtardığı kimi siz də axtaracaqsız.İnsan ömrü boyu axtarışda olur, ona görə mümkün ola biləcək vahid qərara gələcəyinizə ümid etməyin. Heç məncə yazıçı da buna ümid etmirdi. Yəni mən belə hiss elədim. Əminliklə deyə bilərəm ki, roman heç vaxt öz aktuallığını itirməyəcək. Mənim Herman Hessenin romanı haqqında dediklərini nə qədər önəmsəyərsiz bilmirəm amma  oxuduğunuz  kitabların təsirində uzun müddət qalırsızsa  bu roman ya sizin üçün çox sıxıcı olacaq ya da yeni bir fəlsəfi çeriliş olacaq. Uzun müddət özünüzə gələ bilməmə ehtimalınız var. Əgər əsəri oxusanız unutmayın ki, həyat həmin romanda yazılanları oxuyub anlamaq üçün çox qısadı və məncə həyatı anlamaq da  çox zaman lazım deyil. Hər şeyi axarına buraxın və sağlıqla qalın ;)



No comments:

Post a Comment